Din və əxlaq

Share on facebook
Share on telegram
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on linkedin

Din və əxlaq mövzularının qarşılıqlı əlaqələrini araşdırmaq, onların hər birinin müstəqil və obyektiv izahını vermək və nəhayət, onlar arasındakı münasibətləri müəyyənləşdirmək nəinki din fəlsəfəsinin, hətta bir çox filosof və mütəfəkkirlərin diqqət mərkəzindədir. Problemin həllinə çalışan filosoflar burada bir sıra sualları cavablandırmalı olurlar:

Din və əxlaq müstəqil həqiqətlərdirmi?

Onların bir-birindən asılı olduğu müəyyənləşərsə, hansı biri üstün təsir qüvvəsinə malikdir?

Dindən təcrid edilmiş əxlaqi dəyərlərin insan həyatına müsbət təsiri varmı?

Din meyarını nəzərə almayan əxlaq normaları nəyə əsaslanır?

Sekulyar əxlaq dini əxlaqla hansı nöqtədə birləşir?

Din və əxlaq müstəqil həqiqətlər kimi təsdiqləndikdə onların müddəaları arasındakı ziddiyyət müşahidə olunurmu?

Problemin düzgün araşdırılması və düzgün qərar çıxarılması din və əxlaq sözlərinin ayrı-ayrılıqda yetərli izahından asılıdır. Bu səbəbdən də öncə din və əxlaq məfhumlarının hansı məna ifadə etdiyi müəyyənləşdirəcək, sonra həmin əsasla məsələlərin həllinə çalışacağıq.

Bir din həqiqətinə iki müxtəlif müstəvidə tərif verə bilərik. Onlardan biri dinin ümumi tərifi, digəri isə yalnız islam dininə aid tərifdir.

Ümumiyyətlə, din ülvi və fövqəltəbii varlığa inam üzərində formalaşan həqiqətlər və dəyərlər toplusudur. Bu tərif hazırda bütün dünya xalqları arasında sitayiş olunan dinlərə şamil olunur. Şübhəsiz, bəzi istisnaları nəzərə almamaq şərti ilə. Çünki eramızdan əvvəl 6-5-ci əsrlərdə Hindistanda meydana gəlmiş və eramızdan əvvəl 3-cü əsrdə rəsmi din kimi elan edilmiş buddizm dinində fövqəltəbii varlığa etiqad rədd edilir və əxlaqi təkmilləşmə yolu ilə iztirablardan azad olmaq çıxış yolu sayılır. Deməli, buddizmi nəzərə almasaq, yuxarıda verdiyimiz ümumi tərif bütün dinlərə şamil oluna bilər.

Dinin islama xas tərifini isə əvvəlki yazılarda nəzərdən keçirdik. Öncə bildirmişdik ki, biz din fəlsəfəsi mövzusunu tədqiq edərkən islama aid tərifi əsas götürürük. Buna baxmayaraq problemlərin izahında bəzən ümumi tərif verilmiş dinlərin materialları da müzakirə obyektinə çevrilə bilər. Nəticə etibarilə burada həm islam dini, həm də digər dinlərin müddəalarına müraciət edə bilərik. Din və əxlaq bəhsində də bu ənənəyə sadiq qalırıq. Yəni əxlaqın həm islam dini, həm də digər dinlərdəki normalarla əlaqələrini aydınlaşdırmağa çalışacağıq.

Əxlaq ərəb sözüdür. Ərəb dilində bu söz xülq sözünün cəm formasıdır. Lüğətdə əxlaq sözü belə izah olunur: “Əxlaq elə bir daxili xüsusiyyətdir ki, insan bununla fikirləşmədən bəzi işləri həyata keçirir. Əxlaq iki qismə bölünür: pis əxlaq, yaxşı əxlaq”.

Sözün terminoloji açıqlamasında deyilir: “Əxlaq ictimai şüur formalarından biri olaraq, ictimai həyatın bütün sahələrində insanların davranışını tənzimləmək funksiyasını yerinə yetirən sosial institutdur”.

İngilis dilində “ethics” sözü əxlaq mənasını ifadə edir. Qərb fəlsəfə tarixinə nəzər salarkən əxlaq və ya etikanın fəlsəfədə xüsusi bölmə kimi verildiyinə şahid oluruq. Aristotelin “Etika” əsəri deyilənləri təsdiqləyir. Sonralar müsəlman Şərq fəlsəfəsində də əxlaq mövzusu fəlsəfənin ayrılmaz tərkib hissəsi kimi təqdim olunub. Hərçənd müasir dövrdə əxlaq ümumi fəlsəfədən təcrid olunub, əxlaq fəlsəfəsi adı ilə tədqiq olunub.

Əxlaq fəlsəfəsi bir çox sahələrə ayrılıb. Etika-əxlaq sahəsindəki əsas təsnifatlardan biri onun normativ və deskriptiv növlərə bölünməsidir.

Deskriptiv əxlaq cəmiyyət çərçivəsində əxlaqların, adətlərin konkret sosioloji və etik təhlilini verir, bizi insanların hansı əqidə və ənənələrlə yaşaması haqda məlumatlandırır. Filosoflar deskriptiv əxlaq növünü rədd etmirlər. Çünki onların qənaitinə görə, insanların hazırkı yaşam tərzini, cəmiyyətdaxili sosial-etik prosesləri və problemləri bilmədən və onları düzgün təhlil etmədən problemin həlli və münasibətlərin düzgün formalaşması üçün müvafiq qanunların tətbiqi mümkün deyil. Buna baxmayaraq, bir çox filosofların fikrincə, bu qəbil problemlər sosiologiya və politologiya sahələrinə aiddir. Nəticədə filosoflar normativ əxlaqa daha çox meyl göstərirlər. Bəs normativ əxlaqda məqsəd nədir? Normativ əxlaqla bağlı müzakirələrdə növbəti suallara cavab axtarılır:

İnsanlar ictimai həyatda bir-birləri ilə necə davranmalıdırlar?

Yalan danışmaq olarmı

İmkansız və zəif insanlara kömək etməliyikmi?

Ata-anaya hörmətsizlik etmək olarmı?

Məhkəmədə yalandan şahid durmaq olarmı?

İnsanlar cinsi davaranışlarını hansı qaydalara uyğun tənzimləməlidirlər?

Bir sözlə, “nə yaxşıdır, nə pisdir, necə olmaq” sualları normativ əxlaq bölməsinə aiddir.

Mail YAQUB

Fəlsəfə doktoru, Xəzər Universitetinin müəllimi

Beynəlxalq Əl-Mustafa universitetinin Gürcüstan nümayəndəliyi

ალმოსტაფა

ALMUSTAFA

საქართველო

GEORGIA

Başlığınızı əlavə edin

Sürətli ünsiyyət

Dini suallarınızı bizdən soruşun

Dini sahədə istənilən növ suallarınızı bizdən soruşa bilərsiniz. Əqidəvi, şərii, tarixi, Qurani və.s.

Əsas səhifəyə qayıdış

Üstünə vur