Kərbəla – vəhdət məktəbi

Share on facebook
Share on telegram
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on linkedin

  Deyilənlərə görə Makedoniyalı İsgəndər  böyük ərazi və torpaqları fəth etdikdən sonra, həmin ərazilərin öz hökmranlığı və kontrolu altında necə saxlanılması haqqında müəllimi olan Aristotelə (e.ə 384-322 e.ə) müraciət edir. Aristotel isə cavabında “divide et impera”, yəni “parçala, hökmranlıq et”, – deyə buyurur. Yəni, əgər çox az güc sərf etməklə  böyük əraziləri əldə saxlayıb, müxtəlif xalqları öz hakimiyyətinə tabe etmək istəyirsəns, ən yaxşı yol budur; onları parçala, böl, bir-birindən ayır, bunu bacardınsa bil ki, artıq hökmranlıq sənin əlindədir. Əlbəttə, qeyd etmək lazımdır ki, qədim zamanlardan bu günə kimi siyasət və hakimiyyətdə çox işlənilən “divide et impera”, yəni “parçala, hökmranlıq et” prinsipinin termin olaraq dəqiq haradan qaynaqlandığı məlum deyil. Bəziləri bu terminin ilk dəfə işlədilməsini Aristotelin adı ilə bağlasalar da, digərləri bu terminin mənşəyini Makedoniyalı İsgəndərin atası olan çar Filippə (e.ə. 382-336 e.ə), ya Qədim Roma imperiyasının siyası xadimi, sərkərdəsi və yazıçısı olan Qay Yuli Sezara (e.ə. 100-44 e.ə), yaxud Fransanın kralı olan Lyudovikə  XI (1423-1483) və yaxud İtalyan filosofu və yazıçısı Nikkolo Makiyavelliyə (1469-1527) nisbət verirlər.

Hər halda, “parçala, hökmranlq et” prinsipinin termin olaraq qaynağı dəqiq məlum olmasa belə, hamımız bilirik ki, bu prinsip qədim zamanlardan başlayaraq bu günə qədər həmişə böyük imperiyaların siyasətində öz yerini tutubdur. Doğrudur, məgər böyük dövlətlər üçün bundan daha optimal variant ola bilər?! Müxtəlif xalqlardan ibarət olan bir cəmiyyəti öz kontrolun altında saxlamaq üçün, onların arasında ixtilaf və düşmənçilik yaradıb, nəticədə ixtilafda olan hər tərəfin yeganə münsif və hakimi olmaq, onları əl altında saxlamaq üçün ən uyğun variantdır. Məhz buna görə böyük imperiyalar və dövlətlər tərkibində olan fərqli millətləri, fərqli din, dil və mədəniyyətə mənsub olan xalqları öz hökmranlığı altında saxlamaq üçün həmişə bu prinsipdən istifadə ediblər; həmin xalqları dil, mədəniyyət, etnik və coğrafi mənsubiyyət, rəng və əlbəttə, dini və məzhəbi müstəvisində bir-birindən ayırıblar, aralarında düşmənçilik və ixtilaf yaratmaqla müxtəlif dəstələrə və qruplara bölüblər, beləliklə onları pərakəndə halına salaraq güclərini əllərindən alıb, zəiflədiblər və sonda öz istəklərinə, yəni xalqlar üzərində hökmranlığa yetişiblər. Başqa sözlə desək, müxtəlif qəbilə, tayfa, yaxud xalq və milləti kontrol altında saxlamaq üçün, onların arasında barışmaz bir ixtilaf və qarşıdurmanın yaradılmasından ibarət olan (çox vaxt gizli) siyasi bir taktikadır, “devide et impera” (parçala və hökmranlıq et) !

 

Bu siyasi taktikadan çox vaxt böyük imperiyalar o, cümlədən Rum və İngilis imperiyası istifadə edibdir. Belə ki, minumum güc sərf edərək müxtəlif qəbilə və tayfaları hakimiyyətin kontrolu altında saxlamaq üçün, onların arasında ixtilaf və düşmənçilik toxumu səpirdilər. Həmçinin, Hindistan İngiltərə imperiyasının tərkibində olduğu vaxt, İngilislər Hindliləri öz “qopazları” altında saxlamaq üçün, onların arasına cürbəcür ixtilaf salib, bir-birlərinə düşmən edirdilər və nəticə etibarıyla, Hindistanı öz hakimiyyətləri altında uğurla saxlayırdılar.

Bir müsəlman olaraq mənim və sizin zehninizə bir sual gələ bilər; maraqlıdır, bəs müsəlmanlar necə? Görəsən, tarix boyu böyük imperiyaların hiyləgərlikdən ibarət olan bu prinsipindən müsəlmanlar amanda qala biliblər, yoxsa onlar da məsələn Hindlilər kimi onun “qurbanı” olublar?

Bu sualın cavabını aydınlaşdırmaq üçün diqqətinizi Rusiya imperiyasının imperatoru olan  I Pyotra tərəf yönəldirəm. Deməli, XVIII əsrdə Rusiyanın inkişafında əvəzedilməz işlər görmüş və 1721-1725-ci illərdə Rusiya İmperiyasının imperatoru olan I Pyotr, məxsusən, onun ölümündən bir neçə ay əvvəl (1725-ci ildə) rus xalqına yazdığı “vəsiyyətnamə” haqqında yəqin ki, bir çoxlarınız eşitmisiniz.

Açıq ensiklopediya olan Vikipediya deyir: “Bu “vəsiyyətnamə” Rus dövlətinin dövlətçilik tarixində çox önəmli mövqeyi ilə seçilən, Rusiya siyasətində maraqlı bir sənəd kimi diqqəti cəlb edir. Bu gün Rusiyada bu sənədin mövcudluğu inkar edilsə də “Vəsiyyətnamənin” mükəmməlliyi, deklarativ xarakteri, öz dövrü üçün dünya proseslərinə verdiyi siyasi traktovka, Avropanın gələcək siyasi modelini formalaşdırmaq təklifləri və nəhayət böyük fatehlik iddiaları belə bir “vəsiyyətnamə”nin həqiqətən mövcud olma ehtimalını daha da qüvvətləndirir”

Bu kiçik yazıda mənim xüsusi ilə vurğulamaq istədiyim və bizim söhbətimizlə sıx əlaqəsi olan hissə “vəsiyyətnamə”nin IX bəndindəki çox mühüm bir hissədir.O hissədə belə deyilir: “Rusiya dövlətini o zaman dünya dövləti adlandırmaq olar ki, onun paytaxtı Asiya və Avropa xəzinələrinin açarı olan İstanbul olsun. Tez və vaxtında çalışıb, İstanbula sahib olan şah, dünyada ilahi şah olacaq. Bu məqsədi həyata keçirmək üçün həmişə Osmanlı ilə İran arasında fitnə-fəsad törətmək, dava-dalaş yaratmaq lazımdır. Bu işdə sünni və şiə məzhəbləri arasındakı ixtilaflar böyük, kəskin silah və qarşısıalınmaz ordudur. Rusiyanın nüfuzunu Asiyada qaldırmaq üçün sünni-şiə ixtilafları yaxşı bir vasitədir. Osmanlı ilə İran dövlətləri arasındakı müvazinəti fitnə-fəsadla elə pozmaq lazımdır ki, onlar bir-biri ilə dil tapa bilməsinlər. Həm İran, həm də Osmanlıya Avropa xalqları ilə təmas tapmağa imkan verməmək lazımdır. Əgər bu ölkələrin müsəlmanları göz açıb hüquqlarını başa düşsələr, o bizə böyük zərbə olar. Həm Osmanlı, həm də İranın din xadimlərini ələ almaq və onların vasitəsilə sünni-şiə ixtilaflarını qızışdırmaq lazımdır. Osmanlını Avropadan ayırmaq lazımdır”.

Görürsünüz, hələ 18 – ci əsrdə yaşamış Rus imperatoru öz istəklərini həyata keçirib, Rus imperiyasının ərazilərini “dünya dövləti” adlandırıla biləcək qədər genişləndirmək və “Asiya və Avropa xəzinələrinin açarı” olan İstanbulu ələ keçirmək üçün Osmanlı imperiyası ilə İran arasına ixtilaf salıb, düşmənçilik yaratmağı sifariş edibdir. Amma, maraqlıdır, hansı vasitəylə iki böyük müsəlman dövlətini bir-birinə qarşı qaldırmaq olar? I Pyotrun fikirinə görə Osmanlı imperiyası ilə Səfəvilər imperiyası arasında ixtilafa və düşmənçiliyə səbəb ola biləcək ən gözəl vasitə şiə-sünnü ixtilafıdır. Rus imperatoru çox gözəl anlamışdı ki, bu iki dövlət bir araya gəlsələr, onların qarşısını heç bir qüvvə ala bilməz. Buna görə, müsəlmanlardan amanda qalmaq üçün, “divide et impera”, yəni “parçala və hökmranlıq et” prinsipini rus xalqına vəsiyyət edir və bildirir ki, müsəlmanları parçalayıb, biri-birinə düşmən edib, nəticədə onları da öz istəklərinə tabe etmək üçün ən yaxşı vasitə, “kəskin silah” və  “qarşısıalınmaz ordu” olan şiə-sünnü ixtilafını qızışdırmaq lazımdır. Həmçinin, bu fitnə və ixtilafı qızışdırmaq üçün şiə və sünni “din xadimlərini”  ələ almaq lazımdır ki, onların işi yalnız ixtilaf toxumunu səpmək olsun. Bəli, çox təssüf ki, müsəlmanlar bu siyasi oyunun qurbanı oldular və özlərini ondan amanda saxlaya bilmədilər. Bu bir həqiqətdir ki, Rus imperatorun sözü üç əsr öncə deyilsə də, sanki, bu gün deyilmiş kimi həyata keçir. Bunu anlamaq üçün yetər ki, başımızı qaldırıb, bir anlıq dünyada olan müsəlmanların vəziyyətinə nəzər salaq… Kitablar yazılır, tv kanallar açılır və saatlarla çıxış edən “ayətullah, müctehid, müfti və hocalar”ın işi yalnız və yalnız şiə-sünni ixtilafını qızışdırıb, fitnə-fəsad törətməkdir. Baxın, görürsüz, I Pyotr uzun zamandır dünyasını dəyişib amma, onun fikirləri hələ də icra olmaqdadır…

Bu deyilənlərə bir az diqqət edib, keçək əsas mətləbə. İslamın böyük alimlərindən biri Kərbəla hadisəsi haqda “Kərbəla sadəcə tarixi bir hadisə deyil, o, həm də böyük bir məktəbdir”, – deyə buyurur. Bəli, Kərbəla olayı sadəcə olaraq tarixdə baş vermiş spantan (qəfil, gözlənilmədən coşan) hadisələrdən biri deyil. Xeyr, əksinə, Kərbəla özündə böyük hədəf və məqsədləri daşıyan, ölçülü-biçili, planlı bir hərəkatdır! Müəllimləri İmam Hüseyn (ə), Həzrət Əbbas (ə), Xanım Zeynəb (ə) və başqaları olan, özündə azadlıqsevərlik, elm və agahlıq, insanlıq dəyərləri uğurunda fədakarlıq, təkallahlılıq, şücaət və qəhrəmanlıq, izzət və başıucalıq, səbr və dözümlülük, iffət və qeyrət, həya və namus, eşq və məhəbbət və bir çox başqa insanlıq dərslərini əhatə edən böyük bir məktəbin adıdır – Kərbəla ! Zatən, əgər belə olmasaydı bu hadisə 14 əsr sevilib, sanki bu gün baş vermiş kimi yaşamazdır…

Yazının epiqrafından bəlli olduğu kimi, Kərbəla həm də, “vəhdət” məktəbidir.Müsəlman cəmiyyətinin arzusu, dillərinin əzbəri, lakin həyata keçirə bilmədikləri həmin vəhdət! Həmin o, vəhdət və birlik ki, İslamın düşmənləri olan böyük imperiya və dövlətlərinin “parçala, hökmranlıq et” ideyasını parçalayıb, Rus imperatoru I Pyotrun planının qarşısını ala bilər. Bilməliyik ki, müsəlmanların izzət və başucalığının və kimlərinsə “qopazı” altında olmamasının yeganə yolu yalnız vəhdət və birlikdən keçir. Uca yaradanın istəyi də budur, baxın:

“Hamılıqla Allahın ipinə (dininə, Qurana) möhkəm sarılın və (firqələrə bölünüb bir-birinizdən) ayrılmayın!”[1].

Uca Yaradan müsəlmanların izzət və böyüklüyünü birlik və vəhdətdə gizlədib. Həmçinin məsum böyüklərimiz (ə) də bizləri birlik və vəhdətə çağırıblar. Vəhdətin yaradıcısı kimi İmam Əlinin (ə) adını hallandırsaq, düşünürəm ki, yanılmarıq. Məgər İmam Əlinin (ə) öz haqqından keçib, uzun illər sükuta dalması, öz diliylə desək “sanki gözündə tikan və boğazında sümük” qalmış halda səbr etməsi[2] müsəlmanların birliyinə xatir deyildimi?!

Burada qeyd etmək lazımdır ki, biz çox vaxtlar vəhdət anlayışında, onun necə həyata keçməsində yanılırıq. Əzizlərim, müsəlmanlar arasında vəhdət və birliyin yaradılması, öz əqidə və təfəkküründən dönüb, qarşı tərəfin əqidə və təfəkkürünü qəbul etmək deyildir (diqqət!). Biz Əhli-Beyt (ə.s) davamçısıyıq və bununla fəxr edirik. Bizi heç bir qüvvə bu yoldan uzaqlaşdıra bilməz. Eləcə də, qarşı tərəfdə olanların öz düşüncə və əqidələri var və onları da, heç kim öz əqidəsindən döndərə bilməz. Yəni, şiə-sünni vəhdətinin mənası şiənin sünnü olması, yaxud sünnünün şiə olması deyildir. Bu, zatən, həyata keçə bilməz. Xaliqimiz də, Öz kitabında “Hər bir firqə öz dininə (öz dininin haqq olduğuna) sevinər”[3] -, deyə buyurmaqdadır. Hər bir şəxs öz yoluna sevinər və hər kəs öz yolunun doğru olduğuna inanar, əlbəttə, vəhdət öz yol və düşüncəndən keçib, başqa yolu qəbul etmək deyildir! Bəs vəhdətin həqiqi və doğuru anlayışı nədir? Yuxarıda qeyd olunduğu kimi, həqiqi və düzgün vəhdət anlayışını bizə Mövla Əli (ə) öyrədir. Mövlamız (ə) heç bir zaman haqqının qəsb olunduğunu unutmadı, qarşı tərəfin düşüncələrini qəbul edib, öz əqidəsindən dönmədi, əsla dönmədi. Hər zaman fürsət düşdükdə öz haqqının zay olması haqqında danışar, nalə edərdi. İmamın (ə) acı nalələrinə Mədinənin tənha gecələri şahiddir. Bunu anlamaq üçün Mövlanın (ə) “Nəhcül-Bəlağə”sinə nəzər salmaq kifayətdir. Hətta bu kitabın sadəcə “şiqşiqiyyə” adı ilə tanınan 3-cü xütbəsini oxusanız, Mövlanın (ə) sanki, yaralanmış bir aslan kimi necə nalə etdiyini müşahidə edərsiniz. Lakin, bununla belə, İmam Əli (ə) həmişə öz haqqını qəsb edən şəxslərin (xəlifələrin) yanında olubdur. Əbu Bəkr və Ömərə dəyərli məsləhətlər verib, çox vaxt onların (xəlifələrin) təklifi ilə qəzavət edibdir. İkinci xəlifə Ömərin zamanında İslam qoşunu ilə İran qoşunu “qadisiyyədə” üz-üzə gəldiyi vaxt Ömər döyüş meydanına getməyə meyilli idi. Həmin vaxt İmam Əli (ə) Ömərə “Döyüş meydanına getmə, sən Mədinədə olduğun vaxt düşmənin bizi məğlub etməsini təsəvver etsək belə, onlar deyəcəklər ki, mərkəzdən yeni bir qüvvə gələcəkdir. Lakin, əgər sən meydanda olsan onlar deyəcəklər ki, ərəblərin dayağı və rəhbəri burdadır və çalışacaqlar səni öldürsünlər və əgər səni öldürə bilsələr, bununla döyüşü əldən verərik”, – deyə nəsihət verir[4] və Ömər bunu qəbul edir. Hamımızın çox eşitdiyimiz və demək olar dilimizdə əzbər olan bir kəlmə vardır. Oda budur ki, Ömər 70 dəfə “əgər Əli olmasaydı, Ömər həlak olardı”[5] deyibdir. Biz bu kəlamı çox vaxt müxalif tərəflə polemika (mübahisə) zamanı yada salırıq və deyirik ki, bax, Ömər özü 70 dəfə deyibdir ki, Əli olmasaydı mən həlak olardım, deməli, Əli xilafət və rəhbəriyyətə daha layiqli olubdur. Bu doğrudur, rəhbəriyyətə elmi cəhətdən daha üstün olanı layiqdir, amma, kəlamın başqa yönünü tamamilə unutmuşuq, əzizlər, deməli, Mövlamız (ə) nə az, nə çox 70 dəfə Ömərin yanında olub və ona yardım edib! Baxın, budur əsas məsələ. Niyə İmam (ə) öz haqqını qəsb edib, ailəsinə zülm edənlərin yanında durur və yeri gəldikdə, onlara dəyərli məsləhətlər verir? Çünki, Mövla (ə) çox gözəl bilirdi ki, yeni qurulmuş İslam dövlətini İran və Rum imperiyaları kimi xarici düşmənlər məhv etmək istəyirlər. İslamın xaricində iki böyük imperiyanın gözü sanki, Peyğmbəri (ə) itirmiş Mədinə şəhərində idi ki, bir daxili qarşıdurma yaransın və bu vaxt yenicə min-bir əziyyətlə əkilmiş İslam ağacına kökündən balta vursunlar. Belə bir xarici təhlükənin olduğu vaxtda daxildə parçalanmanın yaranması İslamın zəifləməyinə səbəb olardı.

“İmamın (ə) vücudu İslamı gücləndirmək üçündür, zəiflətmək üçün deyil”

İmam (ə) bizə vəhdətin düzgün yolunu öyrədir; demir əqidənizdən dönün, demir vəhdət naminə öz yolunu dəyiş, xeyr, “mömin dağ kimi olmalıdır”, onu hər əsən külək tərpətməməlidir. Bəlkə, deyir ki, öz yolunuzdan dönməyərək sizinlə bir dində olan, tək Allaha inanan, bir qibləniz və bir peyğəmbəriniz olan şəxslərlə müştərək düşmənin qarşısında bir olun! Bəli, “sizin daxilinizdə nə qədər ixtilaflar olsa belə, sizi birləşdirə biləcək səbəblər daha çoxdur, hər iki tərəfin qəbul etdiyi müştərək dəyərlər ətrafında toplaşın, birləşin və xarici qüvvələrin sizi məhv etməsinə izin verməyin” ,- deyə buyurur Mövlamız (ə). Düzgün vəhdət anlayışı budur! Daxili ixtilafları qat-qat daha çox olan müştərək nöqtələrə qurban verib, düşmən qarşısında bir yumruq olmaqdır, vəhdət! Yalnız bu vaxt düşmən bizi öz toruna sala bilməz və yalnız bu vaxt biz özümüzü “divide, et impera” (parçala, hökmranlq et) prinsipinin amanda saxlaya bilərik. Maraqlıdır, siz bir işə baxın, o, şəxs ki, biz onun və ailəsinin haqqını “müdafiə” edərək ixtilafa düşürük və bir araya gələ bilmirik, elə həmin şəxs bizim üçün vəhdət nümunəsidir! Mütəfəkkirlərdən biri çox gözəl buyurur: “İmam Əlinin (ə) həyatının ən böyük sözü, onun 25 il “sükut” etməsidir”. Etiraf etməliyik ki, İmamın (ə) 25 il həyatını araşdırb, tədqiq etməkdə səhlənkarlığa yol verərək, “xanənişin” deməklə, sadəcə “evində güncə çəkilib öz işində olub” deməklə Mövlamıza (ə) haqqsızlıq etmişik. Onun (ə) həyatının ən böyük dərslərindən biri vəhdət və birlik dərsi 25 il “sükut” etməsində gizlənibdir. Burada çox gözəl və dəyərli yazar İlqar Kamil qardaşımızın qələmə aldığı şeri sizlərlə bölüşmək istəyirəm. Doğru deyirlər, bəzən bir kitabın demək istədiyini bir neçə misradan ibarət şerdən anlamaq olur. Bir kitab sözü bir neçə misraya sığışdıra bilən şairlərimizdəndir – Ustad İlqar Kamil. Sözə baxın:

 

“Yalan deməyin

O 25 il oturmadı

Olmadı “xanənişin”

Yalan deməyin

O 25 il için-için yandı deyin

O oturmadı

Sadəcə

Haqqın keşiyində gizli-gizli dayandı deyin.

 

Kim deyir ki, o 25 il dinmədi,

Susdu,

Danışmadı…?

Kim deyir ki o heçnəyə qarışmadı?

Kim deyir?

O dindi

Biz gərək, dedi

Dinməyək dedi –

Səs çıxarmayaq

Təki haqqın səsi ucalsın…

 

O sükutuyla qorudu haqqı

Sən səs-küyünlə dağıdırsan

O qaranlıq gecələrdə səssizcə göz yaşı axıtdı

Sən ürəklərdə qardaş qanı axıdırsan

Fərqə bax:

Əli (ə) Və Sən!

Bir bax, o harda

Sən harda qalırsan…?

 

O, haqqını qəsb edənə kömək etdi

Sən haqqını tələb edənə balta çalırsan.

Alçalırsan

Sus!

Allah eşqinə sus!

Bu qədər batil üçün susdun

Bir dəfə də Haqq üçün sus!”

 

 

Kərbəla qəhrəmanı İmam Hüseyn (ə) atası Mövla Əli (ə) kimi bizlərə həm də, vəhdət dərsi öyrədir. Vəhdət və birlik dərsini sadəcə oxumaq üçün deyil, yaşayıb və yaşatmaq üçün öyrədir.Züheyr ibni Qeyn haqda yəqin ki,hamınız eşitmisiniz. Bu böyük şəxsiyyət Peyğəmbərin (s) səhabəsi, həm də məşhur Kərbəla şəhidlərindəndir. Bildiyiniz kimi Züheyr, məzhəb baxımından Osmançı sünnülərindən olub. O zamankı sünnülərin ən radikalı Osmançı sünnüləri olublar. Çünki, onlar 3-cü xəlifə Osmanın qətlində Həzrət Əlini (ə) səbəbkar bilib, ittiham edirdilər. Bu firqə Osmanı şəhid bilib, onun sevgisi ilə yaşayırdırlar.

Züheyr eşidəndə ki, Məkkədən Küfəyə gedən səfərində İmam Huseyn (ə) ilə yol yoldaşı olmağa məcburdur, çalışırdı ki, İmamdan (ə) mümkün qədər uzaq məsafə saxlayıb, xeyməsini İmamın (ə) xeyməsindən uzaq qursun. Buna baxmayaraq, bir müddət sonra suya ehtiyacı olduğu üçün İmamın (ə) xeyməsinin yaxınlığında xeymə qurmağa məcbur oldu. İmam Huseyn (ə) bu vaxt üzünü belə görmək istəməyən və ondan uzaq durmağa çalışan Züheyrin yanına öz elçisini göndərərək, onu öz xeyməsinə dəvət etdi. Züheyr İmamın çağırışına cavab vermək istəmirdi. Bu vaxt onun həyat yoldaşı Dilhəm üzünü Züheyrə tərəf çevirərək “Peyğəmbər və Fatimə (s) balası səni çağırır, sən ona cavab vermirsən. Bu rəftarından utanmırsan? Dur, get Hüseyn ibn Əlinin (ə) hüzuruna”, – dedi. Həyat yoldaşının sözündən sonra Züheyr İmamın (ə) xeyməsinə tərəf yola düşür. Züheyrlə İmam Huseyn (ə) arasında baş vermiş dialoq tarixdə nəql olunmasa da, xanımı deyir ki, Züheyr İmamın xeyməsindən çıxanda üzü gülürdü. Üzünü mənə tərəf tutub dedi: “Dilhəm, səni boşadım. Çünki, istəmirəm mənə görə çətinliyə düşəsən. Sonra ətrafında olan ailə üzvlərinə və xidmətçilərinə üzünü tutub dedi ki, hər kəsin qəlbində şəhadət sevgisi varsa, mənimlə gələ bilər. Bu görüş bizim son görüşümüzdür.[6] Xanımı, əmisi oğlu və qulamı onu tək buraxmadılar və birlikdə İmama (ə) qoşuldular.Bəli, bu həmin Züheyrdir ki, Aşura gecəsi, İmam Huseyn (ə) şamları söndürərək, “siz istəyirsizsə gedə bilərsiz, bunların işi mənimlədir” dediyi vaxt ayağa qalxıb buyurdu: “And olsun Allaha, mən istəyirəm ki, öldürülüm və dirilim, sonra yenə öldürülüm və bu, min dəfə təkrar olsun və mənim ölümümlə Allah-təala ölümü səndən, cavanlarından və ailəndən uzaq etsin”.[7]

Tasua günü yetişir, Ömər Sədin qoşunu hücum etmək istəyirlər. Bunu görən İmam Hüseyn (ə) Həzrət Əbbası (ə) – Züheyr ibn Qeyn daxil olmaqla – bir dəstə ilə nə baş verdiyini öyrənmək üçün düşmən ordusuna tərəf göndərir. Həmin vaxt düşmən qoşununda olan Əzrət ibn Qeys Züheyri tanıyır və uca səslə deyir: “Ey Züheyr, sən ki Osmançı idin! Sən hara,Hüseyn (ə) hara? Sən burada nə gəzirsən? Züheyr isə cavab olaraq deyir: “İbn Qeys, burada olmağımdan bil ki, artıq Hüseynçiyəm! Mən sizi kimi İmam Hüseynə (ə) məktub yazıb, onu Küfəyə dəvət edib və dəstək olacağım haqda söz verməmişdim. Mən onunla yolda görüşdüm. O, mənə hər şeyi danışdı və sizin onun başına gətirəcəklərinizi söylədi. Mən də, qərara gəldim ki, onunla qalım və ona yardımçı olum. Onu xeyəmədə görəndə, sanki aləmlərə rəhmət olan Muhəmmədi (s) gördüm və qərara gəldim ki, ona yardım edim, onun qoşununa qoşulum və canımı fəda edim “[8]

Baxın, əziz müsəlmanlar, Kərbəla şəhidlərindən olan və adını tarixin silinməz səhifəsinə yazdıran Züheyr ibn Qeyn şiələrdən deyil, İmam Hüseynin ətrafında olanlardan deyil, bəlkə, Osmançı sünnülərindən biri olubdur! Bununla belə, İmamın (ə) Əliyi (ə) Osmanın qatil olduğunu hesab edən şəxslə rəftar və davranışı onun İmama (ə) qoşulmağına səbəb olmuşdur. Həzrətin (ə) davranış və hərəkəti qatı Osmançı olan Züheyri bir anın içərisində qatı Hüseynçiyə çevirdi. İndi baxaq, əgər Züheyr İmam Hüseynin (ə) xeyməsinə gəldiyi vaxt İmam (ə) ona üzünü turşudub, “sən sünnüsən”, “siz bizi qəbul etmirsiz”, “atamın qatil olduğunu söyləyirsiz”, “bizim düşmənlərimizin arxasınca gedirsiz” və.s kimi sözlər desəydi, Züheyr İmama (ə) qoşulub, onun yanında belə bir fədakarlıq nümayiş etdirərdi?! Əlbəttə ki, xeyr.

Burada bir İran zərbül-məsəlini demək istərdim. Biz həmişə “kaseye dağtər əz aş” olmuşuq. (İran zərbül-məsəlidir) Nədir bu? Belə bir material var, (deyəsən mis belədir) onun içinə isti su tökürsən, əlini qaba vurursan əlini yandırır, amma içirsən, içindəki su elə də isti deyil, sanki qab suyun istiliyini canına çəkib, qab içindəki sudan daha istidir. Biz də beləyik. Bizim məsumlarımız (ə) vəhdət və birlik naminə öz haqqlarından keçiblər, hətta atalarını qatil hesab edən bir şəxsi öz əxlaq və davranışları ilə özlərinə tərəf cəlb edə biliblər, bəs biz ? Bizlər öz “aşımızdan” daha isti olmuşuq. İmam Hüseyn (ə) Osmançı olan Züheyrlə bu qədər mehribancasına davranır, biz isə sanki, “iti görək, pişiyi görək, amma sünnüyü görməyək” təfəkkürünün əsiri olmuşuq. Dinsizlə, min cür hoqqabazlıqla məşğul olan şəxslə yola gedə bilirik, amma, bir sünnünün olduğu məkanda olsaq, elə bil “tikan üzərində oturmuş” kimi oluruq. Başqalarıyla saatlarla əyləşib, gülə-gülə söhbət edə bilirik, amma, bir sünnü məzhəbli şəxsi görsək dərhal söz atıb, batil yolda olduğunu göstərib, “sındırmaq” istəyirik. Ustadım necə də gözəl buyurubdur:

“Axmaqdır o kəs ki, minlərlə müştərək nöqtələrini görməzdən gəlib, bircəcik ixtilaflı nöqtəni əlində bayraq edərək, bir dostu özünə düşmən etsin”.

Doğurdan axmaqdır.Axı nədir bizim bölüşdürə bilmədiyimiz? Allahımız bir, Kitabımız bir, Peyğəmbərimiz bir, qibləmiz bir, ramazanımız bir… bunlar bizi birləşdirə bilmir, bircə Aşura ya namazın qılınma forması ayıra bilir, buna axmaqlıqdan başqa nə ad vermək olar?! Unuduruq, vallah unuduruq ki, “əcəba, namaz möhürlə və əli açıq qılınmalıdır, yoxsa möhürsüz və əli bağlı?”, – deyə düşündüyümüz vaxt, düşmən “əcəba, bunların əvvəl başlarınımı vuraq, yoxsa əllərinimi kəsək”, – deyə düşünməkdədir!

Quranda çox maraqlı bir ayə vardır. Baxın, dostlar, Uca Yaradan bizlərə hətta Əhli-Kitabla birləşməyin, vəhdətin mümkünlüyü haqqında danışdığı vaxt, biz müsəlmanlar bir-birimizlə birləşə bilmirik.Ayəyə baxaq:

“(Ya Rəsulum!) Söylə: “Ey kitab əhli, (Xristian və Yəhudilər) sizinlə bizim aramızda eyni olan bir kəlməyə (inanca) tərəf gəlin! (Gəlin bu inancın ətrafında birləşək!) (O kəlmə budur:) “Allahdan başqasına ibadət etməyək. Ona şərik qoşmayaq və Allahı qoyub bir-birimizi (özümüzə) Rəbb qəbul etməyək!…”[9]

Biz, müştərək cəhətlərimiz ixtilafımızdan daha çox olan müsəlmanlar qardaşımızla birləşə bilmirik, halbu ki, Uca Xaliq bizlərə ixtilafımız müştərək cəhətlərimizdən daha çox olan bir dəstəylə (Əhli-Kitabla) birləşməyimizi buyurur.Görünən budur ki, Allah öz bəndələrini bir-birindən ayırı deyil, əksinə, birlik halında görmək istəyir və hər bir bəhanəylə onları birləşməyə çağırır.

Xütbə və çıxışlarda Kərbəla qəhrəmanlarından biri olan Vəhəb ibn Abdullah Kəlbinın adını eşitmiş olarsınız. Vəhəb, anası və həyat yoldaşı məsihi dininə mənsub idilər[10]. İmamla (ə) Kərbəla yolunda olan Sələbə adlı məntəqədə görüşürlər[11] və elə orada İslam dinini qəbul edirlər. “Qanın qılınca qalib gəldiyi gün”, yəni Aşura günü Vəhəbin 25 yaşı var idi və onunla həyat yoldaşı Haniyənin evliliyinin 17-ci günü idi[12]. İmamın (ə) izni ilə ilk döyüş meydanına çıxıb, böyük şücaət və qəhramanlıq göstərdikdən sonra şəhadət şərbətini içir. Bəli, Vəhəb də, Züheyr ibn Qeyn kimi İmamın (ə) karvanı ilə Kərbəla yolunda qarşılaşır və İmam Hüseynin (ə) hərəkəti, davranışı, əxlaq və səmimiyyəti Osmançı sünnülərdən olan Züheyri İmamın (ə) karvanına qoşduğu kimi, məsihi dininə mənsub olan Vəhəb və onun ailəsini də “eşq karvanına” qoşur. Hüseynin (ə) vəhdət və birliyə olan meylidir ki, qatı Osmançıyı və hətta, məsihiyi Hüseynçiyə çevirir və adlarını tarixin silinməz səhifələrinə yazdırır.

İmam Hüseyn (ə) göstərdi ki, əsl şücaət və əsl şiəlik gözünü yumub, ağzını açaraq başqa məzhəb və hətta, başqa dinin nümayəndələrini təhqir etmək, alçaltmaq, sındırmaqla deyil, bəlkə, əksinə, fərqli düşüncə və təfəkkürlü insanları, sünnü Züheyrləri və məsihi Vəhəbləri öz agahlıq, əxlaq və səmimiyyətinlə haqq tərəfə cəlb edib, haqq yolunun davamçılarından etməkdir, əsl şücaət və budur, əsl şiəlik!

Görəsiz, sizcə, biz də, əsl şiələrdən ola bilmişik? …

[1] Ali-İmran, 103

[2] Nəhcül-bəlağə, xütbə 3

[3] Rum, 32

[4] Nəhcül-Bəlağə, 144

[5] Ömərin bu kəlamı “Müsnəd”, “Əl-mənaqib”, “Təhzibut-təhzib”, “Əs-səvaiqul-muhriqə” və.s onlarla Əhli-sünnə kitablarında qeyd olubdur.

[6] Müntəhəl-amal, c 1, s 325

[7] İrşad, c 2, s 92

[8] Rumuzu-şəhadəti, s 99

[9] Ali İmran, 64

[10] Vəsilətud-darin, s 201, Vəqayiul-əyyam,  c1, s 409

[11] Həmin mənbə

[12] Rövzətuş-şühəda, s 290, Vəsilətud-darin, s 201

Beynəlxalq Əl-Mustafa universitetinin Gürcüstan nümayəndəliyi

ალმოსტაფა

ALMUSTAFA

საქართველო

GEORGIA

Başlığınızı əlavə edin

Sürətli ünsiyyət

Dini suallarınızı bizdən soruşun

Dini sahədə istənilən növ suallarınızı bizdən soruşa bilərsiniz. Əqidəvi, şərii, tarixi, Qurani və.s.

Əsas səhifəyə qayıdış

Üstünə vur